Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Vyaçeslav Filippovun xatirəsinə həsr olunmuş kubok yarışı keçirilmişdir


     Nabran kəndi, "Xəzər" turist bazasında səmti müəyyən etmə idman növü üzrə Vyaçeslav Filippovun xatirəsinə həsr olunmuş kubok yarışı başa çatmışdır. 

    

    Yarışdan bir gün öncə noyabr ayının 2-də idman turizmi üzrə SSRİ idman ustası  olan V.Filippovun xatirə gecəsi təşkil edilmişdir. Həmin gecədi çıxış edən federasiyanın vitse-prezidenti Nizami Mursakulov Vyaçeslav Filippovun həyatı və eləcə də onun idman sahəsində əldə etdiyi uğurları barədə geniş söhbət açmışdır.  N.Mursakulovun çıxışından sonra SSRİ idman ustası haqqında geniş videoçarx nümayiş etdirilmiş və idmançılar tərəfindən böyük maraqla qarşılanmışdır. Daha sonra V.Filippovun dostları Aleksandr Nəcəfov, Yaqub Əsədov, Tahir Süleymanov və eləcə də onun həyat yoldaşı Yelena Filippova çıxış edərək idman ustası haqqında maraqlı söhbətlər etmiş, onunla bağlı təssüratlarını gənc idmançılarla bölmüşlər.  

 

   Noyabrın 3-də isə qeyd etdiyimiz yarışa start verilmişdir. Təxminən 70 nəfərə yaxın idmançının qatıldığı yarış "K-21”, "Q-21” və "Junior” qrupları üzrə keçirilmişdir. 2.5 saat nəzarət vaxtı təyin edilmiş yarışda kişilər üçün 4.6 km (13 NM), qadınlar üçün isə 4.0 km məsafə (11 NM) müəyyən edilmişdir. "Junior” qrupu üzrə mübarizə aparan idmançılar isə 0.8  km məsafədə 7 nəzarət məntəqəsini müəyyən etməli idilər.

 

     Gərgin keçən mübarizədən sonra "K-21” qrupu üzrə Sergey Telegin qalib olmuşdur. Qalibdən təxminən 2 dəqiqə geri qalan Emin Məmmədov 2-ci, Müvəssil Allahverdiyev isə 3-cü yeri tutmuşdur. "Q-21” qrupu üzrə Nataliya Əliyeva qızıl medal qazanmışdır. Yanina Maşkova 2-ci, Çokuet Karolin isə finiş xəttinə 3-cü çatmışdır. "Junior” qrupu üzrə isə Hüseynzadə Cavid finiş xəttinə hamıdan birinci çatmışdır. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Mariya Mişenko və Mariya Fedyukina tutmuşlar. Qalib idmançılara federasiyanın vitse-prezidenti Nizami Mursakulov və federasiyanın fəxri üzvü Aleksandr Mişenko tərəfindən medal və xatirə diplomu təqdim edilmişdir. 

 

     Sonda isə oktyabr ayının 27-si səmti müəyyən etmə idman növü üzrə keçirilmiş Açıq Respublika Çempionatında "Junior” qrupu üzrə  iştirak etmiş idmançılara federasiyanın diplomları və hədiyyələr təqdim edilmişdir.


Yarışın ümumi nəticələri

Yarışın fotoşəkilləri

 

SMEİF