Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Nabranda təlim-məşq toplanışı keçirilmişdir

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının iş planına uyğun olaraq 25-26 yanvar tarixlərində Nabranda, təlim-məşq xarakterli yarışlar keçirilmişdir. Məşqin keçirilməsinin əsas məqsədi ölkəmizin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandaya olan namizədləri seçməkdən ibarət idi. Məsafənin quraşdırılması üzrə hakim vəzifəsini federasiya tərəfindən dəvət olunmuş beynəlxalq dərəcəli idman ustası Mixail Puqaç (Ukrayna) yerinə yetirmişdir.

            

         Yarışın ilk günündə kişilər üçün nəzərdə tutulmuş məsafə 4.5 km (9 nəzarət məntəqəsi), qadınlarda isə 3.8 km-dən (7 nəzarət məntəqəsi) ibarət idi. Yarışın ikinci günündə kişilər 7.0 km keçib 14 nəzarət məntəqəsində, qadınlar isə 5.5 km məsafəni dəf edib 11 nəzarət məntəqəsində qeyd olunmalı idilər.

          

          Xarici mütəxəssisin qeyd etdiyinə görə məsafə səmti müəyyən etmə idman növünün yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə keçirilən yarışların çətinlik kateqoriyasına uyğun olaraq quraşdırılmışdır. Bu da idmançılarımıza məsafəni keçmək üçün tələb olunan fiziki və texniki bacarıqlarını nümayiş etməyə imkan yaratmışdır. Onu da qeyd etmək lazımdır ki, qaçışlar çiskin yağış və qar şəraitində keçirilmişdir. Lakin çətin hava şəraitinə  baxmayaraq idmançılar ən yaxşı nəticəni göstərməyə çalışmışdırlar. Hər gün təlim-məşq yarışlarından sonra federasiya rəsmiləri, məşqçilər və xarici mütəxəssislər tərəfindən qaçış zamanı iştirakçılar tərəfindən göstərilmiş nəticələr təhlil edilmiş, idmançılar tərəfindən buraxılımış səhvlər aradan qaldırılması bağlı qısa seminarlar keçirilmişdir.  (xəritələr)

            

       Beləliklə, iki gün üzrə ən yaxşı nəticələri kişilər arasında Emin Məmmədov (Dağçılıq İdman Klubu) və Hüseyn Hüseynov (Dağçılıq İdman Klubu), qadınlar arasında Nataliya Əliyeva ("Neftçi” İSM), Tatyana Qəniyeva ("Neftçi” İSM) və Elina Çerpakova (Bakı Slavyan Universitetinin Humanitar Litseyi) göstərmişdirlər.  (ümumi nəticələr)


         Nəticələr elan edildikdən sonra ən yaxşı nəticələr göstərmiş idmançılar hədiyyələri ilə təltif edilmişdirlər.  (foto arxiv)

 

SMEİF