Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

      Respublika Çempionatına yekun vuruldu

     

      Bazar günü 27 oktyabr 2013-cü il tarixində Bakı şəhərində, Binəqədi rayonu ərazisində (Avtovağzal yaxınlığında yerləşən meşə massivində) Azərbaycanın səmti müəyyən etmə idman növü üzrə növbəti çempionatı keçirilmişdir. Yarış AR Vergilər Nazirliyi və Bakı ş. Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Səmti Müəyyən Etmə İdman Federasiyası və AR Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmişdir.

      Yarış açıq yarış idi, nəticələr komanda və fərdi olaraq hesablanmışdır. Əvvəlki illərdə Nabranda (Yalamada) düzənlik ərazilərdə keçirilmiş çempionatlardan fərqli olaraq, bu Respublika Çempionatı kəskin kəsişən, təpəli, bəzi yerlərdə dik yoxuşlu, sıldırımlı yarğanlı, çuxurlu və məsafəyə əlavə çətinlik verən digər relyef obyektli ərazidə keçirilmişdir. Bu yarışın xəritəsi 2013-cü ilin aprel ayında Ukraynada idman xəritəçiliyində tanınmış mütəxəssis, beynəlxalq dərəcəli idman ustası M.Puqaç tərəfindən çəkilmişdir.

      Qeyd etmək lazımdır ki, səmti müəyyən etmə idman növü üzrə baş tutmuş Respublika Çempionatı müvafiq xəritə, eləcə də ilk dəfə olaraq milli mütəxəssislər briqadası tərəfindən təmin olunmuş beynəlxalq elektron qeydolunma sisteminin tətbiqi, o cümlədən Bakı ş., Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı X.İsgəndərovun şəxsi tapşırığı ilə yarış poliqonunun, yarışın təntənəli açılış/bağlanış mərasimi üçün mərkəzin avadanlıqla təmin olunması üçün maksimal şərait yaratmış Binəqədi rayonu İH xidmətləri sayəsində beynəlxalq standartlara uyğun olaraq keçirilmişdir. Bunların hamısı bütün yarış iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir, çünki yarışın açılış mərasimindən öncə güclü yağış başlamış və bütün yarış vaxtı davam etmişdir. O səbəbdən həmin gün öncədən hazırlanmış çadırlar, isti çay və buterbrodlar tam yerinə düşmüşdür.

    Güclü yağışın yağması, çətin keçilən palçıqlı məsafələr idmançıları kubok uğrunda mübarizə aparmağa əngəl olmadı. Nəticədə yarışda ümumilikdə müxtəlif kateqoriya üzrə 188 nəfər idmançı iştirak etmişdir (müqayisə üçün: 2012-ci ildə keçirilmiş Respublika çempionatında 130 nəfər iştirak etmişdir). 188 nəfər idmançıdan 79-u "K (kişi)-21-Elit", 41-i "Q (qadın)-21-Elit", 50 nəfəri kişi/qadın OPEN kateqoriyasının idmançısı və 28 nəfəri JUNIOR üzrə qaçan uşaqlar olmuşdur.

     Bundan əlavə, yarışda Finlandiya, Yeni Zellandiya və Hollandiyalı xarici idmançılar iştirak etmişdir. Ümumilikdə kubok uğrunda Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, təhsil müəssisələrini təmsil edən 15 komanda (komanda tərkibi 4 kişi və 2 qadın), eləcə də Ukraynanın Azərbaycan Respublilasındakı Səfirliyinin komandası da iştirak etmişdir.

      Komandaların əsas mübarizəsi K (kişi)/Q (qadın) - 21 "ELİT" kateqoriyasında olmuşdur. Kişilərin məsafəsi 20 nəzarət məntəqəsindən ibarət 4.1 km təşkil etmişdir. Bununla belə, məsafənin hündürlük toplamı 220 metr kimi müəyyən edilmişdir (bu isə təcrübədə hər iştirakçının 8-9 mərtəbəli bina hündürlüyündə 7 təpə keçməsi deməkdir). Qadınların məsafəsi 12 nəzarət məntəqəsindən ibarət, 120 metr hündürlük toplamlı 2.9 km təşkil etmişdir. OPEN kateqoriyasında məsafə 11 NM olan 2.2 km ibarət idi. Uşaqlar isə 1 km məsafə keçib 11 nəzarət məntəqəsində qeyd olunmalı idilər.

      Gərgin mübarizə nəticəsində ümumi komanda birinciliyində yerlər aşağıdakı kimi olmuşdur:

- 1 yer - Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi;

- 2 yer - Xüsusi Dövlət Mühafizə Xidməti;

- 3 yer - Fövqəladə Hallar Nazirliyi - 1.

 

     Bütün komanda iştirakçıları AR Gənclər və İdman Nazrliyinin müvafiq dərəcəli diplomları ilə, eləcə də Binəqədi rayon İcra Hakimiyyətinin təqdim etdiyi dəyərli hədiyyələrlə təltif olunmuşdur. Bundan əlavə, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Respublika Çempionatının qalibi olaraq fəxri kubokla mükafatlandırılmışdır.

 

            Fərdi hesabda qalib gəlmiş idmançılar:

            "K (kişi) 21 ELİT" kateqoriyası

1-ci yer - Aleksandr Mişenko - Ukraynanın Azərbaycandakı Səfiri;

2-ci yer - Şənlik Fətəliyev - AR DİN-nin Daxili Qoşunlar komandasının üzvü;

3-cü yer - Orxan Şahbazov - Xüsusi Dövlət Mühafizə Xidməti komandasının üzvü.

 

            "Q (qadın) 21 ELİT" kateqoriyası

1-ci yer - Natalya Əliyeva - "Neftçi İSM" komandasının üzvü (AR);

2-ci yer - Nadejda Manuilova - "Dağçılıq İdman Klubu" komandasının üzvü (AR);

3-cü yer - Yanina Maşkova - "Dağçılıq İdman Klubu" komandasının üzvü (AR).

 

            "OPEN - kişi" kateqoriyası

1- ci yer - Cavid Süleymanov (AR);

2-ci yer - Hüseyn Hüseynov (AR);

3-cü yer - Seymur Davudov (AR).

 

"OPEN - qadın" kateqoriyası

 

1-ci yer - Tatyana Fedyukina (Ukrayna);

2-ci yer - Rövşanə Babayeva (AR);

3-cü yer - Yana Kazımova (AR).


 Yarışın ümumi nəticələri

 Yarışın foto şəkilləri

 

Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!

 

SMEİF