Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Açıq Ölkə Çempionatına yekun vuruldu

 

      Oktyabr ayının 15-i Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçirilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 260-dan çox idmançı orta məsafə üzrə mübarizəyə qoşuldu.

 

     Havanın yağışlı olmasına baxmayaraq yarışa qatılmış idmançılar əsl əzmkarlıq nümayiş etdirdilər. Gərgin keçən mübarizədə K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis”) 6,0 km məsafədə yerləşdirilmiş 11 nəzarət məntəqəsində qeyd olunaraq finiş xəttinə birinci çatmışdır. Qalibdən bir neçə saniyə geri qalan Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko gümüş, “İrbis” klubunun idmançısı Maksim Boxoldin isə bürünc medal qazanmışdır. Qadınlar arasında Q21 kateqoriyasında (4,8 km – 10 NM) Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva qızıl medala sahib olmuşdur. Yekaterina Yakovleva (Neftçi İB) finiş xəttinə ikinci, Yana Maşkova (Dağçılıq İdman Klubu) isə üçüncü çatmışdır.

 

       Yeni başlayan idmançılar üçün müəyyən edilmiş “Open” kateqoriyasında kişilər arasında Rüstəm İbrahimov (Nizami UGYM) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir.  Qalibdən bir neçə dəqiqə geri qalan Azər Qasımov ikinci, Selvan Rüstəmov (Az.DBTİA) isə üçüncü olmuşdur. Qadınlar arasında həmin kateqoriyada Yuliya Maryaşkina (Dağçılıq İdman Klubu) finiş xəttinə birinci, Natali Skorik (Neftçi İB) ikinci, Anna Litvak (Nizami UGYM) isə üçüncü çatmışdır.

 

       Uşaqlar üçün təşkil edilmiş “Junior-K” kateqoriyasında isə İmran Axundov (Skaut) birinci olmuşdur. Fuad Məmmədov (Skaut) və Sabir İbrahimov (Nizami UGYM) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. “Junior-Q” kateqoriyasında Nizami UGYM komandasının üzvü Nigar Məmmədova bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanmışdır. Könül Məmmədova (Skaut) ikinci, Fatimə Mir Seyid (Skaut) isə üçüncü olmuşdur.

 

      Komanda hesabında Dağçılıq İdman Klubunun birinci komandası fəxri kürsünün ən yüksək zirvəsinə yüksəldi. Neftçi İB-2 komandası 2-ci, Dağçılıq İdman Klubunun ikinci komandası isə 3-cü oldu.

 

     Sonda qalib və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

 

NƏTİCƏLƏR

SPLİTLƏR

 

 

 

SMEİF