Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Simakin Sergey: Ölkəniz gözəldi, mətbəxinizə isə vurulduq

 

Öncədən qeyd etdiyimiz kimi, noyabrın 28-i səmti müəyyənetmə idmanı üzrə 6 qat sabiq SSRİ çempionu, Rusiya Roqein İdman Federasiyasının (Russian Rogaining Federation) prezidenti və təcrübəli idman xəritəçisi Simakin Sergey Mixayloviç ilə görüş keçirilmişdi. Onunla etdiyimiz geniş müsahibəmizi sizə təqdim edirik:

 

  • Özünüz də əvvəl qeyd etdiniz ki, ölkəmizə ilk səfərinizdir. Təəssüratlarınızı bilmək istərdik.

  • Ölkəniz gözəldi. Mətbəxinizə isə vurulduq. Çox dadlı yeməkləriniz var. Mənə ən xoş və sevindirici hal bu oldu ki burada çox sakitçilikdir. Çox xeyirxah camaatınız var. Məsələn, biz metroya kart ala bilmədik. Ona görə yox ki, biz bunun öhdəsindən gələ bilmədik. Ona görə ki, biz nə vaxt yaxınlaşıb kart almaq istəsək və soruşaq ki, “avtomat Azərbaycan dilindədir, kömək edin nəyi, necə, hara tuşlamaq lazımdır” - cavab alırdıq ki, heçnəyə ehtiyac yoxdur, buyurun bizim kartımızdan keçin. Kart almağa təkid eləsək də yenə də alınmadı. Və beləcə üç gün davam etdi və sizin qonaqpərvər insanlarınız bizə kart almağa qoymadı.

Təbii ki, bu sadəcə bir misal idi. Həqiqətən çox xeyirxah və həssas xalqınız var. Daha bir misal deyim: elə ki şəhərdə xəritəni çıxarırdıq ki, harasa gedək, yenə də “sizə necə kömək edə bilərik?” sualını eşidirdik. Nə qədər təkid etsək də  yenə də kömək təklifləri səngimirdi. Beləcə harda, hansı küçə yerləşir bir saat söhbət edirdik. Buna görə daha biz xəritəni şəhərdə açmırdıq.

Çox xoş sakinləriniz, gözəl şəhəriniz var. Və bu həqiqtən də belədir. Əslində bizim təsəvvürlərimiz başqa idi. Ona görə də gəlib görmək çox yaxşı oldu. Əlbətdə sizdə hava şəraiti də bizim ölkə ilə müqayisədə çox gözəldir. Ola bilsin yayı çox isti olur, amma hazırkı hava bizə hədiyyə oldu. Biz çox gözəl istirahət edə bildik.

 

  • Bu əslində birinci sual olmalı idi. Özünüz haqqınızda danışarsınız. Nə vaxt səmti müəyyənetmə idmanına başladınız? Siz bu idman növünə, idmanın ölkədə inkişaf etməyə başladığı dövrdə başlamısınız. Bizə sizin haqda daha çox bilmək xoş olardı.

  • Doğulduğum gündən çox keçib artıq, bu 1953-cü ildə olub. Hal-hazırda 62 yaşım var. Moskvada doğulmuşam. Bütün ömrüm boyu da Moskvada yaşamışam. Səmti müəyyetmə ilə tanışlığım təsadüfi oldu. O zaman 9-cu sinifdə oxuyurdum. Sanki qismət də məni bu idman növünə tərəf itələyirdi. Həmin dönəmlər bu heç idman növü kimi də deyildi, ərazidə səmti müəyyənetmə adlanan turistik fəaliyyət idi. 1969-cu ildə bu idmana başlayanda 16 yaşım var idi. İlk startlarım təbii ki, Moskvada oldu. Necə baş verirdisə məndə hər şey uğurla alınırdı.

  • Xəritələr o zaman rəngli idi?

  • Yox-yox, ağ-qara rəngsiz idi, fotoprint idi və miqyas 250 000 idi. Və beləcə mən tez bir zamanda nizama düşdüm. Nəticədə Sovetlər Birliyinin yarışmaları üçün Moskvanın yığma komandasına dəvət aldım. Böyüklər (Elit) arasında deyil, gənclər (Junior) komandasına. Qəribəsi o idi ki, mənim 13-cü startım artıq Sovetlər Birliyinin yarışmasına təsadüf etdi. Təcrübə praktiki olaraq yox idi, 13-cü start və mən bürünc medalı qazandım.

  • Yarış zamanı sovet ölkələrindən qatılanlar var idimi?

  • Bəli, yanlış xatırlamıramsa orda sadəcə Tacikistan iştirak etmirdi.

  • Azərbaycandan iştirak edən var idimi?

  • Zənnimcə var idilər, bildiyim qədər sizdə inkişaf tarixinin yaşı xeyli çoxdur. Səmimi deyim tam xatırlamıram.

  • Çünki aldığım məlumata görə 69-cu ildə bizim idmançılar ilk çempionatda iştirak ediblər.

  • Bəli mənim yadımda qaldığı qədəri ilə var idilər.

Beləcə mən Sovetlər birliyinin yığma komandasının tərkibinə qoşuldum və beynəlxalq yarışlarda iştirak etdim. Növbəti 70-ci ildə isə, artıq 18 yaşım vardı, Bolqarıstanda məktəbyaşlılar arasında çempionatda iştirak etdim.

 

  • O vaxtlar ciddi qaçışla məşğul idinizmi? Və ya hər hansı fiziki hazırlıq var idimi?

  • Yox, amma sovetlər dövründə bütün uşaqlar hazırlıqlı idilər. Məktəbdə idmanla məşğul idim və Bolqarıstanda da təltif olunanlar sırasında idim.

10-cu sinifdə isə, artıq məzun olurduq və mən ali məktəb imtahanlara hazırlaşırdım. Çox da vacib yarışlar olmasa da, qəbul olduqdan sonra da yarışlara qatıldım. Ali məktəbə daxil olduqdan sonra isə qarşılaşdığımız çətinliklər, tələbə qayğıları, şən tələbə həyat tərzi məni idmandan bir qədər yayındırdı. Hətta səhhətimdə də problem oldu. 2 il mən idmandan aralı qaldım. 73-cü ildə isə yenidən qayıdış oldu və dərhal Moskva çempionu oldum. Əsas milli yığmaya düşdüm. 74-ci ildə isə ilk dəfə SSRİ çempionu olduq. Bu estafet yarışması idi. Lakin 75-ci ildə ilk fərdi qalibiyyətim oldu. Beləcə tələbələr arasında birincilik əldə etdim. 73-ci ildən 92-ci ilədək, mən yığma komandanın tərkibində idim. Təbii, harasa gedəndə “canlı əfsanəsən” kimi sözlər eşidirsən və bu xoşdur. Çünki 20 il müddətində yığma komandada olmuşdum və ardıcıl qalibiyyətlərim var idi. Belə oldu ki, bir müddət keçdikdən sonra 85-ci ildən 90-cı illərədək 6 il müddətində SSRİ-nin yığma komandasının baş məşqçisi oldum. Düşünürəm bu işin öhdəsindən də uğurla gəldim.

Sovetlər birliyi dağıldıqdan sonra, mütəmadi xəritə çəkməyə başladım. Bu həm də o dövrlər üçün qazanc mənbəyi oldu. Bu işə İspaniyadan başladım.

 

  • İlk xəritənizi İspaniyada çəkdiniz?

  • yox, İspaniyada 70-ci ildə xəritə çəkməyə başladım.

  • O dövrdə siz hələ qaçırdınız?

  • Yox qaçmırdım, qaçmağa cəht edirdim (gülümsəyir). Mənə ən vacib olan o idi ki, xəritədəkiləri başa düşüm. Xəritəni əlimə götürəndə, onlar fərqli idilər. Pis deyildilər, çox pis idilər. Ümumiyyətlə bərbad idilər. Mənə lazım olan xəritəçəkənin cildinə girə bilmək və onun  nə düşündüyünü anlamaq idi. İlk çəkdiyim xəritə təlim üçün idi. Vacib olan o idi ki, yarış vaxtı ərazidə nə etmək lazımdı aydınlaşdırım. Heç bir qazanc xarakteri daşımırdı. Çəkib bitirəndə bütün dostlarımı dəvət edib yarış keçirtdim və xoşagələn oldu. Bunu adətən boş vaxtlarım olanda edirdim.

  • O zaman ilk xaricdə çəkdiyiniz xəritə İspaniyada oldu?

  • Xaricdə çəkdiyim ilk xəritə hətta yadımda deyil.

  • Sovetlər birliyi dönəmində başlamışdız bu işi?

  • Bəli, həmin dövrlər idi. Finlandiyada idi. Təbii olaraq İspaniya və başqa xəritələri çəkməkdə məqsəd maliyyə qazanmaq idi. İspaniyada artıq özüm öz başıma idim. Əvvəllər fransız dilini öyrənmişdim. Pis də bilmirdim. İspan dili fransız dilinə bir qədər oxşadığı üçün tez bir zamanda uyğunlaşdım. Çoxlu xəritə çəkdim orda. Sayı yüzdən çox olduğu dəqiqdir. Bir çox regionlarında işləmişəm.

  • Orada səmtimüəyyənetmə güclü inkişaf etmişdi?

  • Yox, yox, zəif idi.

Həmin dövrlər ancaq İspaniyada xəritə çəkmirdim. Eyni zamanda bir neçə ölkədə xəritə çəkirdim, o cümlədən İsraildə. Bu arada hətta Kataloniyanın İdman Ensiklopediyasına belə adım düşüb. Amma Rusiyada yox.

 

  • Ölkəmizdə səmti müəyyənetmə və relyefi-təbiəti barəsində təəssüratlarınız.

  • Ona təəssüfləndik ki, gec məlumat aldıq, əks təqdirdə ayın 9-da olan yarışda da iştirak edərdik. Buna görə də səmti müəyyənetmə barəsində təəssürat ala bilmədik.

  • Sirr deyilsə bu sadəcə səfər idi yoxsa ki, işgüzar görüş üçün gəlmisiz?

  • Biz gördük ki, aksiya var, ucuz aviabilet var. Reyslər arasında Bakı da vardı. Biz də Bakıya gəlməyi düşündük. Heç vaxt Bakıda olmamışdıq. Mən Vladivastokda idim, yoldaşım Tatyana isə Moskvada. Soruşdum ki, bax gör Bakıya bilet qalıb ya yox. Beləcə Bakıya bilet vardı. Və biz aldıq. Sonra vebsaytınızı tapdıq. Təəssüf dolğun məlumat almadıq. Sonra Trimpolsevin şəkillərini gördüm.

  • Trimpolsev ötən il bizim qonağımız olub, həm təşkilatı məsələlərdə kömək edib, həm də iştirak edib.

  •  Ona zəng etdim. Soruşdum ki, hər hansı əlaqən varmı? O da əlaqə nömrəsi olaraq federasiya prezidentinin nömrəsini verdi. Zəng etdim. Onunla görüşmək istədiyimi xəritə üzrə bir neçə yerləri görmək istədiyimi söylədim. Sonra Aleksandr Mişenko ilə danışdıq. Onu Ukraynada olduğum dönəmlərdən tanıyıram. O zamanlar orada yarış da keçirirdim. Onunla çoxdandır əlaqə saxlamırdım. Heç bilmirdim də o burada federasiyanız üçün önəmli şəxsdir.

  • Bəli, o Ukraynanın Azərbaycandakı səlahiyyətli səfiri olmaqla yanaşı SMEF-nın fəxri üzvüdür.

  • Təəssüflər bizim getdiyimiz yer sədəcə Qalaaltı oldu, amma ora gedəndə belə xəritəmiz yox idi. Lakin Meşədə gəzəndə qabağımıza ərazinin xəritəsi çıxdı (gülümsəyərək). Görünür kimsə yarış vaxtı xəritəsini itirib.

Əvvəllər, mən işlə əlaqədar səfərlərdə çox olardım. Mənə bu işlərdə Tatyana Polikova çox yaxından kömək edərdi. Düşünürəm yəqin ki Siz Tatyananı tanıyırsız.

 

  • Tatyana Bakulinanı nəzərdə tutursunuz?

  • Yox, Tatyana Kalendaroğlu, mən önun gənclik soyadı ilə tanıyıram. Polikova. O zamanlar o balaca qız idi. Əvvələr Moskva vilayətində yaşayırdı.

  • Çox yaxşı tanıyırq biz onu. Türkiyə Oryantring Federasiyasının və İOF-un üzvü (Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası) bizim yaxın dostumuzdur.

  • Bəli... bəli... Odur. Beləcə biz Mirəli Kazımovla danışdıq, görüşdük və buraya da gəldik.

İndi ərazi haqqında. Deyim ki, çox xoşuma gəldi. Xəritələrə gəlincə. İlkin baxanda o qədər də nəzərə çarpan ciddi nöqsanlar yoxdur. Görünür çəkən bu işi həqiqətən də yaxşı işləyib. Qalaaltı gedib görə bildiyimiz yeganə ərazi idi.

Bu gün isə Qobustanda (Milli Qoruq) olduq. Etiraf edim oradakı maili sıldırımlardan heyrətə gəldim. Orada əla səmti müəyyənetmə keçirtmək olardı.

 

  • Təəssüflər ərazi dövlət tərəfindən qorunan olduğu üçün yarış keçirməyə icazə verməzlər. Bəlkə də məşq etmək olar amma kütləvi yarışa izin verməzlər. Bəlkə bu idman növü populyar olduqdan sora izn ala bildik.

  • Anlaşılandır. Tədricən belə xəritələrin sayını artırmaq lazımdır. Mən bu idman növünün SSRİ və İspaniyada necə tədricən populyarlıq qazandığının və inkişaf etdiyinin canlı şahidi olmuşam. Necə deyərlər mən də bütün bu mərhələləri keçmişəm.

  • Hazırda nə işlə məşğulsunuz?.

Hal hazırda mən Rusiyada Roqein Fedrasiyasının prezidentiyəm.

 

  • Roqein haqqında haradan məlumat ala bilərik.

  • Rus dilində http://rogaining.ru/ və bu isə beynəlxalq federasiyanın veb səhifəsi http://rogaining.com . Buradan məlumat almaq olar.

  • Roqeining özünün ilkin addımlarını atmaqdadır. Gördük ki, siz ilk Avropa oyunlarının keçirilməsində uğurla öhdəsindən gəldiniz. Düşünürəm istəyiniz olsa hər hansı rogeining üzrə dünya çempionatı və Avropa çempionatı keçirə bilərsiz. Həm də gördüyüm qədəri ilə sizdə xəritə çəkən kartoqraf yoxdur. Hər hansı kartoqrafik problem yaransa və köməyə ehtiyac olarsa təbii ki, bu işdə kömək edə bilərəm.

  • Məşq üçün nə məsləhət verərdiniz?

  • Sizə Pyatiqorsk, Kislavodsk ərazilərində təlim-məşq keçirməyinizi məsləhət görərdim. Həm coğrafi cəhətdən sizə yaxındır həm də orada çoxlu xəritələr çəkilib. Ümumiyyətlə Şimali Qafqazda Stavropol əyaləti bu baxımdan inkişaf edib. Lakin hazırda baza olaraq ən güclü inkişaf edən ərazi Krasnodar əyalətidir.

  • Sizinlə görüşmək bizim üçün şərəf oldu. Çox sağ olun ki, bizimlə səmimi həmsöhbət oldunuz. Hər şeyə görə təşəkkür edirik.

  • Mən sizə təşəkkür edirəm ki, belə xoş münasibət göstərdiniz. Sizə uğurlar arzulayıram!

 

SMEİF