Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Səmti Müəyyən Etmə İdman Federasiyasının Konfransı keçirilmişdir

       

        22 oktyabr 2012-ci il tarixində Bakı ş., ("Park Inn” mehmanxanasında) "Azərbaycan Respublikasında Səmti müəyyən etmə idman növünün hazırki vəziyyəti və gələcək perspektivləri” mövzusunda Konfrans keçirilmişdir.         


         Konfrans iştirakçıları qarşısında Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti M. Kazımov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idarə rəisi M. Rəhimov, Azərbaycan Respublikası Vergilər Nazirinin müavini S.Ələkbərov, Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri A.Mişenko, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi M. Qəhrəmanov, Milli Aviasiya Akademiyası nəzdində İdman klubunun rəhbəri N. Mursaqulov, Bakı Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının rəhbəri A.Atakişiyev çıxış etmişdir.


          Bundan əlavə, səmti müəyyən etmə idmanı üzrə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubok uğrunda birinci yarışın keçirilməsi üçün köməyin göstərilməsi məqsədilə Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının tapşırığı ilə Federasiyanın nümayəndəsi Tatyana Kalenderoğlu Azərbaycana təşrif buyurmuş və Konfrans iştirakçılarını salamlamışdır. T. Kalenderoğlu Azərbaycan Federasiyasının Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasına qəbul olunması ilə əlaqədar olaraq, Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyası, eləcə də Türkiyənin Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti adından olan təbrikləri Konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Son zamanlar səmti müəyyən etmə idman növünün Azərbaycandakı sürətli inkişafı T.Kalenderoğlu tərəfindən müsbət qiymətləndirilmişdir. Bu isə gələcəkdə Azərbaycan Respublikası ərazisində beynəlxalq yarışların keçirilməsi üçün əsas şərtdir. Daha sonra, Konfrans zamanı səmti müəyyən etmə idman növünü əhalinin bütün yaş kateqoriyaları üçün (12 yaşdan 70 yaşadək) əlçatan idman növü kimi təsvir edən video – təqdimat nümayiş etdirilmişdir. Son bir il ərzində Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının böyük dəyişikliklərə nail olması, xüsusilə də son startların – ilk dəfə olaraq, bütün beynəlxalq standartlara müvafiq olan xəritə və qaydalar üzrə keçirilən Açıq Respublika Çempionatı (cari il 28-30 sentyabr) və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubok uğrunda yarışın (cari il 19-21 oktyabr) keçirilməsi Konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmışdır.


         Qeyd olunmuş Konfransın keçirilməsi başa çatan idman ilinin yekun tədbiri oldu. Bu Konfrans səmti müəyyən etmə idman növü ilə məşğul olmaq istəyən insanların, xüsusilə də gənclərin marağının, eləcə də bu idman növünün Respublikanın müxtəlif regionlarında inkişaf etdirilməsi üçün lazımi potensialın göstəricisi kimi dəyərləndirilir. Bu isə Azərbaycan üçün yaxın gələcəkdə Cənubi Qafqaz regionunda idman ölkəsi kimi lider pozisiyasını tutmağa imkan yaradacaqdır.


 

SMEİF