Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Multikultiralist gənclər səmti müəyyən etdilər

      İyul ayının 25-30 tarixlərində “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirilməsi məqsədilə ənənəvi “SAY” (Support of Azerbaijan Youth) hərəkatının təşkil etdiyi “Multikulturalizm” layihəsi başa çatmışıdr.       

 

     Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İsmayıllı rayonun Xanagah kəndinə yaxın meşə massivində təşkil olunan düşərgədə gənclər kamp şəraitində qalaraq, bir sıra multikultural dəyərlərin təbliği ilə bağlı təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirib, həmçinin təşkil olunan səmti müəyyən etmə və dağçılıq idmanı növləri üzrə güclərini sınamışlar.

 

      Xarici vətəndaşların da iştirak etdiyi möhtəşəm layihə çərçivəsində düşərgə iştirakçıları üçün proqrama uyğun olaraq milli komandanın üzvü, eləcə də ölkə çempionu Şəhriyar İsmayılovun başçılığı altında 2 gün davam edən səmti müəyyən etmə üzrə nəzəri və praktiki təlimlərin ardından gənclər arasında yarış təşkil olunmuşdur. Milli komandanın digər üzvü Süleyman Əliyevin də hakimi olduğu yarışda 8 komanda olmaqla ümumilikdə 80-dən çox gənc mübarizəyə qoşulmuşlar.

 

      Gərgin keçən mübarizədə kişilər arasında Albaniya komandasının üzvü Həsən Həsənov verilmiş məsafə üzrə bütün nəzarət məntəqələrində qeyd olunaraq finiş xəttinə birinci çatmışdır. Qalibdən bir neçə dəqiqə geri qalan Kənan Dadaşzadə (Səfəvilər) ikinci, Dəyanət Ağalarlı (Şirvanşahlar) isə üçüncü olmuşdur. Qadınlar arasında isə Atropatena komandasının üzvləri Fəridə Cəbrayılzadə və Aynur Məlikli müvafiq olaraq birinci və ikinci yerləri tutmuş, Bahar Məcidova (Manna) isə finiş xəttinə üçüncü çatmışdır. Komanda hesabında isə Atropotena ən yüksək pillədə qərar tutmuşdur. Uyğun olaraq Manna və Atabəylər komandaları ikinci və üçüncü yerləri bölüşmüşdür.

 

      Beləliklə, səmti müəyyən etmə üzrə fərqlənən idmançılar öz komanda hesablarına növbəti xalları qazandırmışlar.

 

FOTO ARXİV

 

 

 

SMEİF