Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

 Federasiya Şurasının 16 fevral 2013-cü il tarixli növbəti iclası keçirilmişdir

     

     Cari ilin fevral ayının 16-da "Anatolia” hotelində SMEİ Federasiya Şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan federasiya prezidenti cənab Mirəli Kazımov gələcəkdə görüləcək işlər, fevral ayının 21-24 tarixlərində Türkiyədə (Antalya şəh. ətrafında) keçirilməsi nəzərdə tutulan Aralıq dənizi çempionatında milli komandamızın iştirakı və aprel ayında məktəblər və universitetlər arasında keçiriləcək turnir barəsində məlumat vermişdir. Eləcə də, federasiya prezidenti may ayında keçirilməsi nəzərdə tutulan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turniri xüsusi vurğulamaqla Federasiya Şurasının üzvlərinə işlərin yüksək səviyyədə yerinə yetirilməsini, həm beynəlxalq əlaqələrin, həm də ki, daxili proseslərin icrasının təmin edilməsini bildirməklə yanaşı, müəyyən tapşırıqlarını vermişdir. Yeni qaydalar layihəsi və İdman adları və dərəcələrinin verilməsi haqqında yeni Əsasnaməyə dair edilmiş müzakirələrdən sonra Federasiyanın prezindeti sözü adıçəkilən sənədlərin müəllifi olan, SMEİF-in Fəxri üzvü, Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri cənab Aleksandr Mişenkoya vermişdir.

     Çıxışı zamanı cənab Səfir yeni qaydalar layihəsi və bir tərəfdən beynəlxalq təcrübədə mövcud əsasnaməyə əsaslanan, digər tərəfdən isə hal-hazırda Azərbaycanda bu idman növünə dair yaranmış vəziyyəti nəzərə alan İdman adları və dərəcələrinin verilməsi haqqında Əsasnamənin vacib məqamlarını iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Beləliklə, qeyd olunmuş Əsasnamə, Azərbaycanda yüksək peşəkar səviyyəli hakim və idmançıların lazımi sayının olmasına qədər 3-4 illik keçid dövrü ərzində qüvvədə qalacaqdır.

       Əsas yeniliklərdən biri o oldu ki, bundan sonra milli idmançıların həqiqi hazırlıq səviyyəsini əks etdirməyən İdman ustası kimi yüksək adların verilməsi təcrübəsi aradan qaldırılmışdır.

     Federasiya Şurasının üzvü Xəyyam Məmmədov isə öz çıxışında bu idman növünün inkişafı barəsində danışdıqdan sonra səmti müəyyən etmə idmanı üzrə rəhbəri olduğu XDMX (Xüsusi Dövlət Mühafizə Xidməti) klubunda yeni komandaların formalaşdığını və həmin idmançıların vahid idman formaları ilə təmin olunacaqlarını bildirməklə yanaşı eyni zamanda da bu idman növünün təbliğat işlərinin də aparıldığını bildirmişdir. Nəzərdə tutulan tədbirlərdə, xüsusən də may ayında Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə təmsil etdiyi qurumun rəhbərliyi tərəfindən "Ulduz” istirahət mərkəzinin imkanlarından geniş istifadə edilməsi barədə federasiyaya təklif verilmişdir. Çıxışın sonunda  Xəyyam Məmmədov öz adından, təmsil etdiyi qrumun rəhbərliyi və idmançıları adından federasiya prezidentinə, cənab Səfirə və Federasiya Şurasının fəal üzvlərinə öz təşəkkürünü bildirmiş və hər zaman bu idman növünün inkişafına dəstək olacağını söyləmişdir.

    Federasiya Şurasının digər üzvləri, Nizami Mursaqulov və Tatyana Solovyova, orta təhsil müəssisələrində, Bakı Avropa və Bakı Slavyan Humanitar litseylərində ardıcıl olaraq növbəti təlimlərin keçirilməsi barədə öz çıxışlarında geniş məlumat vermişlər.

       Fövqəladə Hallar Nazirliyinin komandası adından iclasda iştirak edən Ruslan İbrahimov öz növbəsində bu idman növünə qarşı marağın artdığını bildirməklə, struktur daxili yeni-yeni klubların yarandığını diqqətə çatdırmışdır. Bununla yanaşı FHN-nin daxili çempionatlarının keçirilməsinə və Nazirliyin iş planına uyğun olaraq 6 günlük keçiriləcək beynəlxalq turnirdə SMEİF-in hakimlər heyəti ilə təmin edilməsinə köməklik göstərilməsi üzrə məsələləri müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

     Sonda baş katib Zaur Seyidov tərəfindən təqdim edilmiş SMEİF-ə üzv olmaq barəsində daxil olmuş ərizələr və idarə heyətinin üzvlərinin təklifləri əsasında irəli sürülmüş kadr məsələləri ilə bağlı geniş müzakirələr aparılmış, xüsusilə də, Aleksandr Nəcəfovun Federasiya Şurasının yeni üzvü seçilməsi, Oqtay Rzayev və Şəfəq Qafarovanın isə Federasiya Şurası tərkibindən çıxarılması barədə qərarlar qəbul edilmişdir.  (foto arxiv)


 

SMEİF