Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Bakı Avropa Litseyində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz"  adlı təqdimat keçirilmişdir

                       

             28 noyabr 2012-ci il tarixində Bakı Avropa Litseyində "master – klass” layihəsi, eləcə də Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının bu idman növünün Azərbaycanda tanınmasına istiqamətləndirilmiş proqramı çərçivəsində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz!” adlı təqdimat keçirilmişdir.

             Qeyd olunan təqdimatı Federasiya Şurasının Fəxri üzvü, Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Aleksandr Mişenko və Azərbaycan Respublikasının səmti müəyyən etmə idmanı üzrə milli komandasının baş məşqçisi Nizami Mursaqulov keçirmişdir. Təqdimatda litseyin direktoru Zülfiyyə xanım Veysova, eləcə də "novator ruhu” ilə seçilən və şagirdlərdə Vətən təbiətini qorumağı və dərk etməyi tərbiyyə edən bu təhsil müəssisəsinin digər pedaqoqları da iştirak etmişdir. Təqdimatda Litseyin 50-dən çox şagirdi (8-9-cu sinif şagirdləri) iştirak etmişdir.

             Federasiya Şurasının nümayəndələri Litseyin nümayəndələrinə səmti müəyyən etmə idman növünün əsasları haqqında, bu idman növü ilə məşqul olmaq üçün hansı bacarıqların olmasının zəruriliyi barədə məlumat vermişdir. Bundan əlavə, Səmti Müəyyən Etmə İdman Federasiyasının qeyd olunan nümayəndələri bu idman növünün Azərbaycandakı inkişaf yolu və müasir dövrdəki vəziyyəti barədə də danışmışdır.

             Bununla belə, təqdimat zamanı iştirakçılara səmti müəyyən etmənin qonşu ölkələrdə və bütün dünyada olan inkişaf səviyyəsini əks etdirən video-materiallar göstərilmişdir. Cari ilin sentyabr – oktyabr aylarında Nabranda (Yalama qəsəbəsində) Açıq Respublika Çempionatı, eləcə də Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubok uğrunda keçirilmiş səmti müəyyən etmə idman növü üzrə yarışların nəticələrinin təhlilinə böyük diqqət ayrılmışdır.


             Təqdimat çərçivəsində səmti müəyyən etmə idmanı üzrə viktorina keçirilmiş, suallara düzgün cavab verən iştirakçılar səmti müəyyən etmə idmanı ilə məşqul olmaq üçün zəruri olan kompası hədiyyə olaraq əldə etmişdir.

             Keçirilmiş tədbir nəticəsində Bakı Avropa Litseyi gələcəkdə federasiya tərəfindən keçirilən yarışlarda iştirak etmək üçün səmti müəyyən etmə üzrə öz komandasını yaratmaq istəyi barədə bildirmişdir.

             Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası şagirdlərin bu maraqlı idman növü ilə məşqul olması üçün göstərdiyi təşəbbüsə görə litseyin direktoru Zülfiyyə xanım Veysovaya öz dərin təşəkkürünü bildirir. Yaxın zamanlarda bu təhsil müəssisəsinin səmti müəyyən etmə idmanı üzrə komandasının formalaşdırılması üçün Federasiya Şurasının nümayəndələrinin iştirakı ilə müvafiq test tapşırıqları keçiriləcəkdir. (foto arxiv)

 

SMEİF