Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

“Antalya O Days” turniri başa çatdı

 

              Hər il olduğu kimi bu il də Türkiyənin Antalya şəhərində səmti müəyyənetmə üzrə “Antalya O Days” turniri təşkil edilmişdir. Fevral ayının 22-26-sı tarixlərində keçirilən yarışda ölkəmizi dörd idmançı təmsil edib. Belə ki, orta, uzun və sprint üzrə təşkil edilmiş yarışda idmançılarımızdan Şəhriyar İsmayılov M21A, Süleyman Əliyev M21E, Rəna Abaszadə W35, Xəyyam Məmmədov isə M40 kateqoriyalarında mübarizə aparıblar.

 

            Yarışın ilk günündə idmançılarımız orta məsafə üzrə start ediblər. Komandamızın heyətində Rəna Abaszadə uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, W35 kateqoriyasında çıxış edən idmançımız 3.1 km məsafədə yerləşdirilmiş 17 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə ikinci çatıb. Digər idmançılarımız gəldikdə isə, M21A kateqoriyasında çıxış edən Şəhriyar İsmayılov 64 idmançı arasında 21-ci yeri tutub. M21E kateqoriyasında çıxış edən Süleyman Əliyev və M40 kateqoriyasında çıxış edən Xəyyam Məmmədov isə öz kateqoriyalarında müvafiq olaraq 35-ci və 11-ci yerləri tutmuşlar.

 

            Yarışın ikinci, növbət orta məsafə üzrə yarışında Rəna Abaszadə öz kateqoriyasında 4-cü, Xəyyam Məmmədov 13-cü, M21E və M21A kateqoriyalarında müvafiq olaraq çıxış edən Süleyman Əliyev və Şəhriyar İsmayılov isə 34-cü yerlə kifayətlənmişlər.

 

            Növbəti gün Antalyanın Eşkili ərazisində təşkil edilən uzun məsafə üzrə yarışda Rəna Abaszadə 5.2 məsafədə müəyyən edilmiş 14 nəzarət məntəqəsində qeyd olunmaqla finişə 10-cu, Xəyyam Məmmədov isə 5.6 km məsafədə yerləşdirilmiş 15 nəzarət məntəqəsində qeyd olunmaqla finişə 14-cü çatmışdır. Digər idmançılarımız  Süleyman Əliyev öz kateqoriyasında 37-ci, Şəhriyar İsmayılov isə 47-ci yer ilə kifayətlənmişdir.

 

            Yarışın son günündə idmançılarımız sprint üzrə yarışda qüvvələrini sınadılar. Mübarizəyə qoşulan kişi idmançılarımızdan Xəyyam Məmmədov 19-cu, Süleyman Əliyev 34-cü, Şəhriyar İsmayılov isə 41-ci olmuşdur. Yeganə qadın idmançımız Rəna Abaszadə öz kateqoriyasında finişə 12-ci çatmışdır.

 

           Beləliklə, dörd günün ümumi nəticələrinə əsasən Rəna Abaszadə W35 kateqoriyasında 5-ci, Xəyyam Məmmədov M40 kateqoriyasında 12-ci olmuşdur. M21A kateqoriyasında iştirak edən Şəhriyar İsmayılov 110 iştirakçı arasında 23-cü, M21E kateqoriyasında iştirak edən Süleyman Əliyev isə 31-ci yerə çıxmışdır.

        

          Məlumat üçün nəzərinizə çatdıraq ki, yarışaa 1200-dən çox idmançı qatılmışdır.

 

 

SMEİF